Haqqında
korpus.azerbaycandili.az saytı Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş “6.4.2. Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması” bəndi ilə bağlı hazırlanmışdır. Həmin məsələ ilə bağlı “Azərbaycan dilinin lüğət tərkibinin inkişafını, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron sistemin və lüğətin yaradılması” adlı layihə hazırlanmış və AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Məsud Mahmudovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2015-ci ilin əsas qrant müsabiqəsinə təqdim edilmiş və qalib hesab olunmuşdur (EЭF-KETPL-2015-1(25). Sayt 1 may 2017-ci il – 01 may 2018-ci il müddətində yerinə yetirilmiş layihə çərçivəsində Nəsimi adına Dilçilik İnstitutunun və AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları (filologiya elmləri doktoru, professor Məsud Mahmudov (rəhbər), AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Kamil Ayda-zadə, filologiya elmləri doktoru, professor İlham Tahirov, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Səxavət Talıbov, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Əhmədov, texnika üzrə fəlsəfə doktoru, dosent Elşən Mustafayev) tərəfindən hazırlanmışdır.
Layihə çərçivəsində aşağıda adları göstərilən əsərlərin elektron variantı yaradılmış və saytda yerləşdirilmişdir.
- Azərbaycan dilinin orfoqrafiya lüğəti (genişləndirilmiş və yenidən işlənmiş 6-cı nəşr. 110563 söz. Bakı, “Şərq- Qərb” Nəşriyyat evi, 2013, 839 s.);
- Azərbaycan dilinin izahlı lüğəti . Dörd cilddə. (I cild – 744 s.,II cild – 792 s., III cild – 672 s., IV cild – 712 s.). Bakı, “Şərq – Qərb”, 2006;
- Paşayev A., Bəşirova A. Azərbaycan şəxs adlarının izahlı lüğəti (16164 ad – 8328 kişi adı, 7836 qadın adı). Bakı, Mütərcim, 2011, 340 s.,
- Azərbaycan dilinin ixtisarlar lüğəti. Bakı, “ Elm”, 2019, 232 s.
- Oxford Advanced Learners Dictionary. 5th edition. “Oxford University Press”. 2005, 1539 s.
Hazırda həmin sayta “konkordans” bölümü əlavə olunmuşdur. İlkin mərhələdə Mikayıl Müşfiqin və Hüseyn Cavidin əsərlərinin, eləcə də “Kitabi-Dədə Qorqud”un tənqidi mətninin konkordansı hazırlanmışdır (Mikayıl Müşfiq. Bütün əsərləri. Bakı. Qanun nəşriyyatı, 2019, 800 s.; Hüseyn Cavid. Əsərləri 5 cilddə – I cild. “Lider Nəşriyyat”. Bakı, 2005, 256 s; II cild. “Lider Nəşriyyat”. Bakı, 2005, 353 s.; III cild. “Lider Nəşriyyat. Bakı, 2005, 304 s.; IV cild. “Lider Nəşriyyat”. Bakı, 2005, 256 s.; V cild. “Lider Nəşriyyat”. Bakı, 2005, 287 s.; Kitabi-Dədə Qorqud. Bakı, “Yazıçı”, 1988, 255 s. (Kitabi Dədəm Qorqud ala lisani Taifeyi Oğuzan – s. 31-126).
Dünya elmində ilk olaraq müqəddəs dini kitablar – Bibliya və Quran mətni əsasında hazırlanmış konkordanslar məlumdur. Mənbələrdə ilk konkordansın 13-cü əsrdə Hüqo de Sent-Şer tərəfindən 500 rahibin iştirakı ilə hazırlandığı göstərilir. XIX əsrdə Flügel tərəfindən müqəddəs Quranın konkordansının hazırlandığı və 1842-ci ildə Leypsiqdə nəşr olunduğu məlumdur. Müqəddəs Quranın tam konkordansı Sankt-Peterburq Universitetinin professoru Mirzə Kazımbəy tərəfindən 1859-cu ildə tərtib olunmuşdur. Hazırda kompüter texnologiyasının müasir inkişaf səviyyəsinə uyğun olaraq V.Sekspirin, M.Lomonosovun, A.Puşkinin, F.Dostoyevskinin, A.Çexovun, Q. Derjavinin, A.Axmatovanın və bir çox başqalarının əsərləri əsasında konkordanslar hazırlanmışdır.
Konkordans ing. Concordance –“razılıq”, “uyğunluq”; lat. Concordare – “razılığa gəlmək”, “razılaşdırmaq” mənalarında işlənir. Dilçilikdə konkordans – “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”, “mənbəyə istinad verilməklə hər hansı mətndə işlənmiş bütün dil vahidlərinin (söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir. Məsələn, “ana” sözünü axtarışı nəticəsində məlum olur ki, həmin söz “Kitabi Dədə-Qorqud”da 141, Hüseyn Cavidin seçilmiş əsərlərində 197, Mikayıl Müşfiqin əsərlərində isə 120 dəfə işlənmişdir. Bizim tərtib etdiyimiz konkordansda həmin söz tərkibində olduğu cümlələrlə birlikdə siyahı şəklində, işləndiyi cild və səhifə göstərilməklə istifadəçiyə təqdim olunur. Konkordanslar hər hansı sözün semantik mənalarını və məna çalarlarını öyrənmək baxımından əhəmiyyətlidir. İstər nəzəri dilçilikdə sözün semantik təbiətinin araşdırılması, istərsə də lüğətçilikdə müxtəlif lüğətlərin tərtibi prosesində konkordanslardan mənbə kimi istifadə oluna bilər. Filologiya elmləri doktoru, professor Məsud Mahmudovun rəhbərliyi və tərtibçi kimi iştirakı ilə hazırlanmış konkordansların tərtibində Kompüter dilçiliyi şöbəsinin əməkdaşları filologiya elmləri doktoru, dosent Nərmin Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova (Hüseyn Cavidin əsərlərinin konkordansı), elmi işçi Nigar Vəlizadə (Mikayıl Müşfiqin əsərlərinin konkordansı), filologiya elmləri doktoru, professor Məsud Mahmudov, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova (Kitabi-Dədə Qorqudun tənqidi mətninin konkordansı) və proqramlaşdırıcılar – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Səxavət Talıbov və Vasif Həşimov, operator Sevil Süleymanlı iştirak etmişlər.