Dilçilik İnstitutunda 31 mart soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib


21.07.2018

AMEA-nın Dilçilik İnstitutunda erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamını xatırladıb. O, ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiklərini, 31 mart hadisələrinin isə törədilmiş qırğınlar içərisində ən ağrılı və faciəli olduğunu bildirib. Qeyd edib ki, Leninin tapşırığı əsasında Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik qüvvələri 30 mart 1918-ci ildə saat 16:40-da azərbaycanlılara qarşı ilk atəşi açıblar.

Alim azərbaycanlıları qırmaq, milli hökumətin yaranmasına imkan verməmək, eləcə də Bakının paytaxt olmasının qarşısını almaq üçün Şaumyanın xahişi ilə Leninin 2 təyyarə göndərdiyini, o cümlədən hərbi gəmilərin dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombaladığını deyib. O, hadisələr zamanı təkcə Bakıda 12 mindən çox həmyerlimizin öldürüldüyünü, "İsmailiyyə" binasının, "Kaspi" mətbəəsinin, "Açıq söz" qəzetinin redaksiyasının yandırıldığını, "Təzəpir" məscidinin minarələrinin top atəşləri nəticəsində uçurulduğunu söyləyib.

M.Nağısoylu qırğınların Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə aprelin 2-dək davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Şaumyan hadisələrlə bağlı sovet hökumətinə göndərdiyi məktubunda qırğınlara 4 minə yaxın Daşnaksütyun hərbçilərinin cəlb edildiyini və soyqırım törədildiyini etiraf edib.

İnstitut direktoru ermənilərin tarixboyu xalqımıza qarşı törətdiyi bu cinayətlərin və həyata keçirdikləri işğalçılıq siyasətinin ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapdığını və bunun sayəsində soyqırıma siyasi-hüquqi qiymət vermək imkanının yarandığını qeyd edib.

Tədbirdə, həmçinin institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, professor Roza Eyvazova və digərləri çıxış edərək ermənilərin tarixən azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan, 31 mart hadisələri zamanı Sultanov qardaşlarının şücaətindən, bədnam qonşularımızın Cənubi Qafqaza, o cümlədən Dağlı Qarabağa köçürülmələrindən, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasından danışıblar.